12 Nisan 2011 Salı

Ryünöske Akutaqava. VƏSİYYƏT (dostuma məktub) -2



Və axırıncısı. Mən çalışırdım ki, intihar edəcəyimdən ailəm duyuq düşməsin. Çoxaylıq hazırlıqdan sonra, nəhayət, məndə qəti fikir yarandı. (Bunu yalnız dostlarımçun yazmadığımdan, hər bir xırdalığı göstərirəm. Mən, kiminsə «intihara kömək etmək» maddəsiylə məsuliyyətə cəlb edilməsində günahkar olmaq istəmirəm. Qeyd etməliyəm ki, dünyada cinayətin adı qədər gülməli şey yoxdur. Əgər bu maddəni hərfbəhərf tətbiq etsən, cinayətkarların sayı çoxalar. Əczaçılar, silah alveri edənlər, bıçaq satanlar onlara «heç nə məlum deyil» desələr də, bu sözlər hökmən şübhə yaradacaq, çünki onlara müraciət edən insanların xarici görkəmi məqsədlərini büruzə verir. Bundan başqa, cəmiyyətin özü və onun qanunları da intihar edənə kömək olur. Nəhayət, belə cinayətkarlar həmişə xoşniyyətli olurlar.) Mən soyuqqanlılıqla hazırlığımı qaytardım və indi ölümlə təkbətək qalmışam. Mənim daxili vəziyyətim Maynlenderin təsvir etdiyi kimidir.Biz, gələcəkdə vəhşiləşəcək insanlar ölümdən heyvan kimi qorxuruq. Əslində, həyat eşqi – heyvani qüvvənin başqa adıdır. Mən də belə heyvanlardan biriyəm. Lakin, iştahasını itirən insan, tədricən heyvani qüvvəsini də itirir. İndi mən, buz kimi şəffaf dünyada, əsəbləri xəstə olanların dünyasında yaşayıram. Dünən axşam, mən bir fahişədən onun nə qədər qazandığını (!) soruşdum və hiss etdim ki, biz, «yaşamaq üçün yaşayan» insanlar nə qədər də miskinik, zavallıyıq. Əgər biz əbədi yuxuya qərq olsaq, xoşbəxt olmasaq da, heç olmasa sakitlik taparıq. Amma, intihar etməyim hələ sual altındadır. Mənimçün təkcə təbiət daha da gözəlləşib. Sən təbiətin gözəlliklərinə tamaşa edirsən və yəqin ki, özünü öldürmək istəyən adamın ziddiyyətli fikirlərinə gülürsən. Lakin iş onda deyil ki, təbiətin gözəllikləri ölüm saatında gözümün qabağına gəlir. Mən gördüm və başqa insanlara nisbətən daha çox anladım, daha çox sevdim. Təkcə elə bu, mənimçün əzab olsa da, kifayətdir. Səndən çox xahiş edirəm ki, ölümümdən bir neçə il sonra bu məktubu dərc etdirmə. Qoy, mənim xəstəlikdən öldüyümü zənn etsinlər.



Q E Y D . Mən Empedoklun tərcümeyi-halını oxudum və hiss etdim ki, insanların allah olmaq yanğısı ta qədimdən gəlir. Bu məktubumda mən özümü allahlaşdırmıram. Əksinə, mən zavallı bir insanam. Müqəddəs əncir ağacının altında oturub özünü Etnanın kraterinə atan Empedokl haqqında söhbət etməyimiz yadındadrmı? O vaxt mən allah olmaq istəyənlərdən biriydim.
Siz bu yazıyı okuyan counter şanslı kişiden birisiniz..

Hiç yorum yok:

Yorum Gönder